Qondarma “Abxaziya Respublikası”nın “prezidenti” Aslan Bjaniya Moskvadakı qələbə paradından sonra nahar edərkən Rusiya lideri Vladimir Putini Böyük Vətən Müharibəsinin aviasiya qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin açılışında iştirak etmək üçün Suxumiyə dəvət etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sözügedən abidənin açılışı iyulun 24-nə planlaşdırılıb.
“Paraddan sonra baş tutan nahar zamanı mən Vladimir Vladimiroviç Putini və naharda iştirak edən digər prezidentləri aviasiyaçıların abidəsinin açılışına dəvət etdim. O təşəkkür etdi. İmkan olarsa gələcək. Biz buna çox şad olarıq. Belə əlaqə var idi və biz gələcəkdə də bu cür əlaqə gözləyirik”, – deyə Bjania mətbuat konfransı zamanı bildirib.
“Abxaziya prezidenti” qələbə paradında iştirak üçün Moskvaya etdiyi səfər zamanı Rusiya rəhbərliyi ilə qısa görüş keçirdiyini qeyd edib:
“Görüşün formatı dövlətlərarası məsələlərin müzakirəsini nəzərdə tutmamışdı. Çox güman ki, rəsmi səfər olacaq. Bu zaman mənim rusiyalı həmkarımla ikitərəfli əməkdaşlığın bütün məsələlərini ətraflı müzakirə etmək imkanım olacaq”.