“Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozinin Moskvada tutulan müşaviri İvan Safronov NATO ölkələrindən birinin xüsusi xidmətlər orqanının nümayəndəsinə gizli məlumatlar ötürməkdə şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
“Safronov NATO xüsusi xidmət orqanlarından birinin tapşırıqlarını yerinə yetirərkən Rusiya Federasiyasının dövlət sirri təşkil edən hərbi-texniki əməkdaşlıq, müdafiə və təhlükəsizlik məlumatlarını toplayıb və onların nümayəndəsinə təqdim edib”, – deyə TASS Federal Təhlükəsizlik Xidmətinin məlumatından sitat gətirir.
Bundan əvvəl “Roskosmos”un mətbuat xidməti istintaq orqanlarının dövlət korporasiyasının baş direktorunun müşaviri İvan Safronovu saxladığını açıqlamışdı.
Ona Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
“Roskosmos”dan bildirilmişdi ki, Safronovun tutulması onun 2020-ci ilin mayından bəri işlədiyi dövlət korporasiyasındakı hazırkı fəaliyyəti ilə əlaqəli deyil. Safronov əvvəllər “Kommersant” və “Vedomosti” qəzetlərində müxbir kimi çalışıb.