“Siyasi rejimə qarşı təbliğat aparmaq”da ittiham olunan güney azərbaycanlı milli fəal Şahin Bərzgər 12 ay həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Təbriz Cinayətlər Məhkəməsində işinə baxılan Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət verilib.
Təbrizin İnqilab Məhkəməsi isə Bərzgəri sosial şəbəkədəki fəaliyyətlərinə görə, “siyasi rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il azadlıqdan məhrum olunub.
Tələbə hərəkatının fəal iştirakçılarından olan Bərzgərin məhkəməsi iyunun 9-da keçirilib. Məhkəməyə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.
Bərzgər 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı. Milli fəal təxminən 100 gün İranın təhlükəsizlik xidmətinin təcridxanasında saxlandıqdan sonra fevralın 24-də müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türklərinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə, İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.