Ermənistanın Amulsar qızıl mədəni ətrafında gərginlik yenidən pik həddə qalxıb.
Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, 4 avqustda, axşam radələrində mədənin istismarına qarşı çıxanlarla polis arasında toqquşma baş verib. Əraziyə çoxsaylı polis əməkdaşları cəlb edilib və çoxsaylı erməni vətəndaşları nəzarət altına alınıb. Saxlanılanlar arasında “Yaşıl gələcək” ekoloji ictimai təşkilatının sədri Vaaqn Vardanyan da var.
Vatots dzor bölgəsinin polis rəisi və “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan da hadisə yerindədir.
Məlumatda deyilir ki, bu gün “Lydian Armenia” kampaniyasının mühafizə xidmətinin mədənə gəlməsi gərginliyi tətikləyib. Belə ki, qızıl mədənini istismar etmək istəyən şirkətin əməkdaşları özlərinin vaqon evlərini quraşdırmaq istəyiblər. Bu isə ekoloqların, ictimaiyyət nümayəndələrinin və siyasi xadimlərin etirazına səbəb olub.
Uzun illər boyunca ABŞ-ın “Lydian International" şirkəti tərəfindən istismar olunan Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir. Ekoloqlar mədəninin istismarının ekoloji fəlakətə gətirib çıxardığını əsas gətirərək onun qapadılmasında israr etsə də, hakimiyyət əks mövqedədir.