ABŞ yaxın gələcəkdə orta mənzilli raketlərini Yaponiya da daxil olmaqla, Asiya regionunda yerləşdirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Bilinqsli deyib.
“Bu, müdafiənin elə bir formasıdır ki, Yaponiya kimi ölkələr gələcəkdə ona ehtiyac duyacaqlar”, - deyə M.Bilinqsli bildirib.
O qeyd edib ki, ABŞ Asiyadakı tərəfdaşları ilə nüvə potensialını artırmaqda davam edən Çin tərəfindən artan təhdidlər barədə danışıqlar aparmaq və bunun qarşısını almaq üçün lazım olan müdafiə imkanlarını müzakirə etmək istəyir.
M.Biliqslinin sözlərinə görə, hazırda ABŞ-da hipersəs silahının hazırlanması üçün bir neçə istiqamətdə iş aparılır: “Müdafiə qüdrətini sabitləşdirən bu vasitələr Asiya-Sakit okean regionunda bizim dostlarımızın, tərəfdaşlarımızın və müttəfiqlərimizin müdafiəsınə zəmanət verəcək və Çinin hərbi şantajdan istifadəsinin qarşısını alacaq”.
Qeyd edək ki, Yaponiya KİV-ləri bu ərəfədə ABŞ-ın Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxmasından sonra Yaponiya tərəfi ilə orta mənzilli yeni raketlərin yerləşdirilməsinə dair məsləhətləşmələr apardığı barədə məlumatlar yayıb.
ABŞ-ın Müdafiə naziri Mark Esper də Asiya-Sakit okean regionunda orta mənzilli raketlərin yerləşdirilməsi niyyətini açıqlayıb.