ABŞ-ın keçmiş xüsusi təyinatlı zabiti rus kəşfiyyatında işləmək və xüsusi təyinatlıların işi barədə gizli məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürməkdə şübhəli bilinərək tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.
Məhkəmə sənədlərinə görə, 45 yaşlı Robert Rafael Cibinski Debbinsin 1996-cı ilin dekabrından 2011-ci ilin yanvarına qədər Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia olunub. Bu dövrdə vaxtaşırı Rusiyaya səfər edib, burada xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb. 1997-ci ildə ona bir kod adı verildiyi və Rusiyaya xidmət etmək istəyi ilə bağlı sənədlərə imza atdığı deyilir.
Cibinski Debbins 1998-2005-ci illərdə Amerika ordusunun kimyəvi qüvvələrində zabit kimi xidmət edib, bundan sonra kapitan rütbəsi ilə xüsusi təyinatlılarda vəzifə alıb. ABŞ Ədliyyə Nazirliyi Rusiya kəşfiyyatının təkidi ilə vəzifəsini dəyişdirdiyini iddia edir.
“Güman ki, Debbins xüsusi təyinatlı qüvvələrdə xidmət edərkən aldığı məlumatları Rusiya kəşfiyyatçılarına ötürüb. 2008-ci ildə istefa verdikdə Rusiya kəşfiyyatına həyata keçirdiyi fəaliyyətlərlə bağlı gizli məlumatları açıqlayıb. Debbins ayrıca bir sıra keçmiş həmkarlarının adlarını və məlumatlarını Rusiya xüsusi xidmət orqanlarına ötürüb ki, onların Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olduqlarını qiymətləndirsinlər”, - ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib.
Ədliyyə Nazirliyinin sənədlərinə görə, Debbins Rusiyaya bir neçə dəfə, 1994-cü ildə birinci, 2010-cu ildə sonuncu dəfə gəlib. İlk səfərlərindən birində Debbins gələcək həyat yoldaşı ilə 1997-ci ildə evləndikləri Çelyabinskdə görüşüb. 2010-cu ilin iyulunda rus həyat yoldaşı ABŞ vətəndaşlığını alıb. Debbinsin qayınatası Rusiya ordusunda zabit idi və orada Çelyabinskdə yaşayırdı.
Ədliyyə Nazirliyinin məlumatına görə, Debbins 1990-cı illərin sonlarında Cənubi Koreyada xidmət edib və 2003-cü ildə Almaniyada yerləşib. 2004-2005-ci illərdə Azərbaycanda xidmət edib, 1996-cı ildən gizli məlumatlara çıxışı var.
ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə görə, Rusiya Federal Təhlükəsizlik Bürosu (FTB) və hərbi kəşfiyyatla işləyib, 1996-cı ildə bir təlim-təhsil proqramı üzrə Rusiyaya gələrkən və Çelyabinskdə yaşadığı dövrdə işə qəbul edilib. Rus kəşfiyyatı ona “İkar Lesnikov” kod adını verib.
Ədliyyə Nazirliyinin sənədlərində deyilir ki, Debbins Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nümayəndələri ilə söhbətlərində özünü “Rusiyanın oğlu” adlandırıb.