Türkiyənin neft-qaz axtardığı Krit adasının cənubunda dünəndən Yunanıstan donanmasının keçirdiyi təlimlər davam edir. İtaliyanın həm Yunanıstan, həm də Türkiyə ilə keçirdiyi təlimlərə ABŞ da qatılıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Tvitterdə ABŞ gəmisinin bir türk gəmisini yaxından izlədiyinə dair fotoları yayıb.
Qeyd edilir ki, Türk Dəniz Qüvvələrinin Müttəfiq Dəniz Qüvvələri ilə keçici təlimləri davam edir. TCG Barbaros Friqat və TCG Burgazada gəmisi ilə ABŞ USS Vinston Çörçil tərəfindən 2020-ci ilin 26 avqust tarixində Şərqi Aralıq dənizində təlim icra edilib.
“Oruc Rəis araşdırma gəmisinin fəaliyyət sahəsində Yunanıstanın təlimləri dayanmır. Afina ordusu dünən Cənubi Kipr, Fransa və İtaliya ilə ortaq manevrlər həyata keçirib. Yunanıstan Müdafiə Nazirliyi təlimlərin Kipr və Kritin cənubunda 3 gün davam edəcəyini açıqlayıb. Fransa isə 26-28 avqust tarixlərində keçirilən təlimlərə helikopter, qırıcı və bir gəmi ilə iştirak etdiyini açıqlayıb”- Müdafiə Nazirliyinin məlumatında deyilir.
Fransa müdafiə naziri Florens Parli “Şərqi Aralıq dənizi gərginlik bölgəsinə çevrilib” ifadəsini işlədərək Tvitter hesabında Türkiyəyə qarşı iddialar səsləndirib: “Mesajımız sadədir. Öncə dialoq, əməkdaşlıq və diplomatiya olmalıdır. Beləcə Aralıq dənizi sabitlik və beynəlxalq hüquqa sayğı göstərən bölgəyə çevrilər. Şərqi Aralıq dənizi kimlərinsə istəyinə görə oyun meydançası olmamalıdır. O, ortaq dəyərdir”.