Ötən gün Türkiyə və İran arasında baş tutan Əməkdaşlıq Şurasının VI toplantısında PKK və PAJAK-a qarşı birgə mübarizəyə dair razılıq əldə edilib. Bununla da Türkiyənin PKK terror təşkilatının düşərgələrinin boşaldılması üçün həyata keçirdiyi təzyiqlər öz nəticəsini verib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, illərdir PKK-nı görməməziliyə vuran İran Türkiyə ilə ortaq əməliyyatlar keçirmək məsələsində anlaşıb.
İddiaya görə, hazırda masada PKK-nın əsas qalası hesab olunan Sincardakı qruplaşma var. Türkiyə İraq və Şimali İraq Kürd Muxtariyyəti ilə də bu mövzular ətrafında müzakirələr aparır. Terror təşkilatının Suriyada güclənməsi üçün silah və maddi dəstək verən ABŞ da Sincarda vəziyyətin Türkiyənin xeyrinə dəyişdirilməsinə yaşıl işıq yandırıb.
Qeyd edilir ki, son bir ayda PKK-nın İran torpaqlarına hücumunda intensivlik müşahidə olunur. Bu səbəbdən Tehran hərəkətə keçmək qərarı verib. PKK və onun İran qolu sayılan PAJAK-a qarşı iki ölkənin ortaq əməliyyatlar təşkil etməsi mümkün variant kimi gündəmə gələ bilər.