İranın idddiası reallığa uyğun deyil, Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirb.
Ekspert İranın Azərbaycan və Türkiyəyə qarşı son mesajlarına diqqət çəkib:
“İranın mühafizəkar dairələri Azərbaycan və Türkiyəyə dil uzatmaqdan imtina etmək istəmirlər. İranın ali dini liderinin müşaviri Vilayəti Azərbaycanla İran arasında son hərbi təlimlərdən bu qənaətə gəlib ki, guya Bakı Zəngəzur dəhlizinin reallaşmasından imtina edib. Hərbi təlimlərin dəhlizə nə dəxli var? Dəhlizdən imtina etməmişik, bu mövzu ətrafında Azərbaycanla Ermənistan rəsmiləri arasında danışqılar dondurulmayıb.
İranla ona görə təlimlər keçirilib ki, sərhəd daha yaxşı qorunsun və İrandan Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı tamamilə alınsın, Tehran “niyə Azərbaycan yalnız Türkiyə ilə hərbi təlimlər keçirir” yanaşmasından əl çəksin. Ancaq faydası yoxdur, yenə Azərbaycanı hədəfə almaqda davam edirlər.
Bu dəfə Türkiyəni hədəf seçiblər. İranın mühafizəkar dairələri Əsəd rejiminin devrilməsindən yaman dilxor olublar. Bu təbiidir. Əsəd Suriyada İranın maraqlarını təmin edir, Tehrandan göndərilən silah və maliyyənin ərazisindən qonşu Livandakı “Hizbullah” qruplaşmasına çatdırılmasına yardımçı olurdu. Bu zaman Əsəd rejiminin minlərlə günahsız insanı öldürməsi, rəqiblərinə işgəncələr verməsi, türmələrdə çürütməsi İran İslam Respublikasının rəhbərliyini qətiyyən narahat etmirdi. Əksinə. İranın ali dini lideri Əli Xameneyi deyib ki, Əsədin devrilməsində ABŞ, İsrail və “qonşu dövlətlərdən biri”nin rolu olub”.
Elxan Şahinoğlu qeyd edib ki, Xameneyi “qonşu dövlətlərdən biri” dedikdə, Türkiyəni nəzərdə tutub:
“Xameneyinin məntiqinə görə, Əsəd rejimini ayaqda saxlamaq olardı, sadəcə böyük qüvvələr buna mane oldular. Əsəd rejiminin qalması üçün Suriya xalqının ona dəstəyi və ordusunun sədaqəti lazım idi. Hər ikisi Əsəddən üz çevirdi, əks halda, silahlı müxalifət döyüşsüz 12 günün içində şəhərlər və paytaxtı asanlıqla ələ keçirə bilməzdi. İranın mühafizəkar dairələri bu reallığı anlamaq əvəzinə, Əsədin xiffətini çəkirlər”.