Türkiyə ilə sərhədlərin açılması Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasından sonra mümkün olacaq.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Manvelyan deyib.
Onun sözlərinə görə, İrəvan sərhədlərin açılması kontekstində iki ölkə arasında dəmir yolunun işə düşməsi ilə bağlı da Ankarayla danışıqlar aparır:
“Amma Türkiyə mövqeyini dəyişməyib, Ermənistan-Azərbaycan müqaviləsinin imzalanmasını İrəvanla münasibətlərdə dəyişiklik üçün ilkin şərt kimi qoyur. Məsələn, Ermənistan Azərbaycanla bu sənədi imzalasa, Türkiyə Qars-Gümrü dəmir yolunu aça bilər. Yəni Gümrü-Qars dəmir yolunun açılması Ermənistanın Azərbaycanla sülh müqaviləsini nə qədər dərindən müzakirə edəcəyindən asılıdır”.
Manvelyan sülh sazişi ilə bağlı Türkiyə xarici işlər naziri Hakan Fidanın son açıqlamasını da xatırladıb: “İrəvan və Bakı arasında sülhün bərqərar olması yolunda son mərhələyə çatmışıq. Cənubi Qafqazda sülh üçün ümid işığı var”.
Erməni analitikin fikrincə, Fidanın bu açıqlaması Ermənistan-Türkiyə münasibətlərində Azərbaycan faktorunun Ankara üçün prioritet ilkin şərt olaraq qaldığının növbəti rəsmi təsdiqidir.
Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bundan əvvəl oktyabrda Ankara ilə Gümrü-Qars dəmir yolu və sərhədlərin açılması məsələsini müzakirə etdiklərini açıqlamışdı. Rubinyan təfərrüatları bölüşmədən yalnız bildirib ki, görüşdə dəmir yolunun sərhəd məntəqəsi ilə bağlı texniki tələblər qiymətləndirilib.