Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada çoxsaylı işgəncələrin tətbiq olunduğu xüsusi rejimli həbsxanalarda axtarışlar sürətlə davam edir.
Teleqraf.com xəbər verir ki, CNN telekanalı 2012-ci ildən Suriyada itkin düşmüş amerikalı jurnalist Ostin Taysın izinə düşüb.
Bu məqsədlə paytaxt Dəməşqdəki gizli həbsxanalardan birinə yollanan telekanal axtarışlar zamanı digər bir dəhşətli faktı üzə çıxarıb.
CNN müxbiri Klarissa Uard həmkarının izində olarkən rejimin işgəncəsinə məruz qalmış başqa bir məhbusun yerini aşkar edib.
Çəkiliş komandasını görəndə qorxusunu gizlədə bilməyən Adil Hurbal adlı şəxs 3 aydır ki, həbsxanada saxlanılırmış.
Onu müşayiət edən hərbçinin "artıq azadsan,ordu və rejim yoxdur" cümləsini belə dərk edə bilməyən Adil, Suriyada son günlərdə nələrin baş verdiyindən də xəbərsiz olub.
Günlərlə ac-susuz saxlanılaraq, işgəncə gördüyünü deyən məhbus, bu aylar ərzində gün işığına belə həsrət qalıb.
"Nəyə görə həbs olunmusan?" sualına isə Adil şok vəziyyətində cavab verib: "Heç bir səbəb olmadan kəşfiyyat xidməti məni gözlərim bağlı şəkildə evimdən gəlib apardı.
Bu, gətirildiyim 3-cü həbsxanadır. Ailəmdən, uşaqlarımdan xəbərsizəm"
Daha ətraflı məlumat üçün CNN-nin hadisə ilə bağlı yayımladığı videomaterialı təqdim edirik: