14:01
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Bakı və İrəvan sülhə Rusiya və Ukraynadan daha yaxındır:

“Orban Trampla görüşdən sonra Putinlə telefonla danışıb, ardınca qardaş Türkiyəyə səfər edərək, cənab Ərdoğanla görüşəcək. Çox güman ki, Trampın mesajlarını çatdıracaq və Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün 2022-ci ildə razılaşdırılmış, sonradan Qərb tərəfindən pozulmuş “İstanbul sənədləri” yenidən gündəmə gələcək. Çünki hələlik üzərində işlənməsi mümkün olan yeganə sənəd budur. Amma bu münaqişədə sülh, atəşkəs vaxt aparacaq.

Tramp isə hakimiyyətə gələn kimi, “mən dünyaya sülh gətirirəm” mesajı vermək istəyir. Düşünürəm ki, bunun üçün ən ideal vəziyyət Azərbaycan-Ermənistan məsələsində yaranıb. İşin içində Orban və Ərdoğan varsa, bu ehtimal daha da artır. Türkiyə rəsmilərinin bu günlərdə verdikləri “Cənubi Qafqazda sülhə tam yaxınlaşmışıq” mesajı da bununla bağlıdır.

Fikrimcə, Trampın prezident kimi ilk səfərlərindən biri Türkiyəyə olacaq, bu səfər çərçivəsində Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında sənədlər imzalanacaq. Yeri gəlmişkən, bir neçə həftə əvvəl hər iki ölkə (Türkiyə və Ermənistan) geniş tərkibli görüş keçirib. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan eyni fotoda yer alaraq, “Cənubi Qafqaza sülh gəldi” mesajını verəcək.

Bu addım Tramp üçün çox yaxşı başlanğıc, vədlərinin əməli, Cənubi Qafqaz üçün isə Türkiyənin də iştirakı ilə sülh dövrünün başlanğıcı olacaq”.

ABŞ-nin yeni prezidentinin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Həmin gün o, rəsmən vəzifəsinin icrasına başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər