Türk Silahlı Qüvvələri (TSK) Rusiya ilə ortaq post patrul xidməti həyata keçirdiyi İdlibə göndərdiyi hərbçilərin sayını artırıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Suriya-Türkiyə sərhədinin Kaft Losin keçidindən zirehli avtomobil, tank və silah-sursatla dolu 60 avtomobildən ibarət əsgər konvoyu İdlibə doğru istiqamət alıb. Bundan əvvəlki gün isə tank və digər zirehli texnikanı daşıyan 15 avtomobillik konvoy İdlibə göndərilib.
TSK bölgədə iki yeni müşahidə məntəqəsi qurub. Bunlardan biri Cebel əl-Zaviyə dağı üzərində, digəri İdlibin cənubundakı Kavkafin kəndi ətrafında yerləşir. Bununla da bölgədə TSK-nın müşahidə postlarının sayı 69-a çatıb.