Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.
Teleqraf.com xəbər verir ki, ölkədə yerli vaxtla saat 8-də seçki məntəqələri öz işinə başlayıb.
Respublika sakinləri növbəti dörd il üçün dövlət başçısını seçirlər.
Bildirilir ki, Moldovada 2 mindən çox seçki məntəqəsi var, 139 məntəqə isə ölkə xaricində yaradılıb. Pandemiya səbəbi ilə seçicilərin hamısına xəbərdarlıq edilib ki, tibbi maskadan və əlcəkdən istifadə etsinlər. Onlara tövsiyə olunub ki, seçki bülleteninə qeyd etmək üçün özləri ilə qələm də gətirsinlər.
Qeyd edək ki, Moldovada noyabrın 1-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadı.
Seçkilərin nəticələrinə əsasən müxalifət lideri, Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu 36,1% səs toplayıb. O, bu nəticələrlə hazırkı dövlət başçısı İqor Dodonu üstələyib. İqor Dodona isə seçicilərin 32,6%-i səs verib.