Prezident Donald Tramp ABŞ Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru Kris Krebsin prezident seçkilərində heç bir qanun pozuntusunun aşkar edilməməsinə dair açıqlamasına reaksiya verib.
Teleqraf.com xəbər verir ki, o, Krebsin yalan danışdığını bildirib.
“Krebsin seçkilərdəki təhlükəsizlik məsələləri ilə bağlı açıqlaması tamamilə səhvdir. Bu seçkilərdə kütləvi qanun pozuntuları və saxtakarlıqlar baş verdi - ölənlərin adından səs verildi, müşahidəçilər seçki mərkəzlərinə buraxılmadı. Tramp üçün verilən səslər Baydenin aktivlərinə yazıldı. Buna görə də ABŞ Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru Krebsi indidən vəzifəsindən azad edirəm”, - Tramp qeyd edib.
ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərinin qeyri-rəsmi nəticələrinə görə Demokratların namizədi Co Bayden qalib gəlib. ABŞ Prezidenti və Respublikaçıların namizədi Donald Tramp seçkilərdə qanun pozuntularının olduğunu iddia edir.