Fransa Prezidenti Emmanuel Makronun ölkədəki İslam qurumlarına və müsəlmanlara təzyiqi güclənib. Öz “imamlarını” yetişdirmək üçün addım atan Fransa ölkədəki bütün İslam qurumlarının ləğvi prosesinə başlayıb.
Teleqraf.com xəbər verir ki, 2017-ci ildə Makrona səs istənən “Liberation” qəzeti də Fransa hökumətinin son dövrdəki repressiv siyasətinin pik həddə çatdığını yazıb.
Üç il əvvəl “Nə edirsən et, amma Makrona səs ver” şüarını ön plana çəkən “Liberation” son sayında Makron hökumətinin repressiv siyasətini tənqid edib. Fransız nəşri dərc etdiyi məqalədə hökumətin müsəlmanlara təzyiq siyasətini “Qanunun aliliyi: Azadlıqlar qaraldı” ifadəsi ilə şərh edib.
Məqalədə Fransa polisinin insanlarla davranışının zülm həddinə çatdığı iddia edilib.
“Liberation” Fransada nümayişlər zamanı polislərin üz tərəfdən fotolarının çəkilib yayılmasının qadağan edilməsinin Makronun repressiya siyasətinin pik həddi olduğunu bildirib: “Nümayişlər zamanı polislərin üz fotolarının yayımlanmasını əngəlləyən qanun layihəsinin qəbulu repressiya siyasətinin zirvəsidir”.
“Ümumi Təhlükəsizlik” adlı qanuna görə, nümayişlər və yürüşlər zamanı jurnalistlər və vətəndaşlar tərəfindən polisin fotoşəklinin çəkilməsi və ya video qeydi qadağan olunur. Qanunu pozanlar 1 il həbs edilə və ya 45.000 avro pul cəriməsi oluna bilər.