İtalyan jurnalist-yazıçı Korrado Audcas Fransa Prezidenti Emmanuel Makronun misirli həmkarı Əbdülfəttah əs-Sisiyə “Fəxri Legion” medalı verməsinin yanlış olduğunu deyib və etiraz olaraq özünə təqdim edilən medaldan imtina edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Türkiyınin “Anadolu” agentliyinə danışıb.
Yazıçı 2016-cı ildə Qahirdə öldürülən italyan tədqiqatçı Culio Regeninin qətlində əli olan misirli rəsmilər və Sisi ilə eyni medalı daşımaq istəmədiyini və bu səbəbdən onu Fransanın Romadakı səfirliyinə geri verdiyini bildirib.
2007-ci ildə aldığı “Fəxri Legion” (“Legion d'Honneur”) medalını qaytarmaq fikrinin necə yarandığına gəlincə, Audcas bunları söyləyib:
“Bu, ürəyimdən gələn bir qərar idi. Əslində bu, eyni vaxtda iki hadisəni özündə birləşdirir. Roma Baş Prokurorluğunun öldürülməmişdən əvvəl Culio Regeninin işgəncəyə məruz qalması haqda xəbəri Prezident Makronun Misir Prezidenti Sisiyə medal verməsi məlumatının yayılması ilə eyni vaxta təsadüf etdi. Bu iki xəbər məni əsəbiləşdirdi. Başqa heç bir hesablama aparmadım”.
Audcas medalın qaytarılması fikrinin əsasını bu iki səbəbin təşkil etdiyini deyib: “La Repubblica” qəzetinin baş redaktoruna belə bir niyyətimin olduğunu söylədim.”Yaxşı düşün” dedi. Bir müddət düşündüm. Baş redaktora bunu etmək istədiyimi söylədim, məndən bir məktub yazmağımı istədi, qalanları onsuz da bilirsiniz”.
Yazıçı bununla Makronla eyni mövqedə dayanmadığını nümayiş etdirmək üçün atdığını vurğulayıb. O, Fransanın bu medalı Sisiyə verdiyi üçün özünü “sevgi xəyanətinə uğramış” kimi hiss etdiyini söyləyib.
Audcas hesab edir ki, Makron Sisiyə belə bir ali mükafatı verməyə bilərdi:
“Sisiyə “Fəxri Legion”u vermək lazım deyildi. Medalımı səfirə qaytarmaq üçün getdiyim zaman Liviya diktatoru Müəmmər Qəddafinin 2009-cu ildə Romaya səfərini xatırlatdım. Prezident tərəfindən öz sarayında qarşılandı, himnlər səsləndirildi. Axşam yeməyinə qonaq oldular, ancaq İtaliyada ona heç vaxt belə bir medal verilmədi”.
Audcas Regenini cinayətinə görə, İtaliyanın Misirə güclü təzyiq göstərə biləcəyini də diqqətə çatdırıb, bununla belə əlaqələrin qırılmasında maraqlı olmadığını deyib:
“Bəzilərinin dediyi kimi, İtaliya Misirlə əlaqələrini kəsərsə, ertəsi gün Misir bütün italyan sənayesindəki investisiyalarını geri çəkəcək. Bundan dərhal sonra almanlar və fransızlar onların yerlərini tutacaqlar, bunu isə istəmirik, çünki nəticələri yaxşı olmaya bilər”.