İran bu ilin yanvar ayında raketlə təsadüfən vurduğunu açıqladığı Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsində həyatını itirənlərin hər birinin ailəsinə 150 min dollar təzminat ödəmək qərarı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsində həyatını itirənlərin ailələrinə ödəniləcək təzminat qərarı İran Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehran Beynəlxalq Hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və göyərtədəki 176 nəfərdən heç biri sağ qalmayıb.
İran rəsmiləri əvvəlcə təyyarənin vurulduğu iddialarını qəbul etməyib, daha sonra Silahlı Qüvvələrin (SEPAH) Baş Qərargahı Ukrayna təyyarəsinin “həssas hərbi nöqtə”nin üstündən keçərkən yanlışlıqla hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket tərəfindən vurulduğunu elan edib.
Beləliklə, İranla Ukrayna arasındakı təzminat danışıqları nəticəsində qarşı tərəf təzminat ödəməyə razı olduğunu açıqlayıb.
Məsələ ilə əlaqədar tərəflər arasında gərginlik yaranmışdı. Dünən Ukrayna Xarici işlər naziri Dmitri Kuleba açıqlama verərək, İranın ədalətdən qaça bilməyəcəyini demişdi.