“İnanıram ki, 2021-ci ildə Türkiyə-Yunanıstan münasibətləri daha yaxşı səviyyəyə qalxacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiryakos Miçotakis deyib.
Miçotakis 2016-cı ildə dayandırılan, yanvarın 25-də isə yenidən bərpa olunacaq araşdırıcı görüşlərin 61-ci turu haqda bunları qeyd edib:
“Bu görüşlərin yenidən başlamasını lap əvvəldən arzu edirdik. Türkiyə ilə oturub danışmaq heç danışmamaqdan daha yaxşıdır. Ən vacib məqam, bu görüşlərin bir çərçivəsinin olmasıdır. Türkiyə ilə Egey və Aralıq dənizinin şərqindəki problemlərin həllinə çalışırıq”.
Miçotakis Türkiyə ilə problemlərin davamlı həllində maraqlı olduqlarını da dilə gətirib: “Türkiyə ilə problemlərin davamlı həllinə nail olmağı hədəfə almışıq. Bu, həm Türkiyə üçün faydalı olacaq, həm də Avropa Birliyinə üzvlük prosesinə müsbət təsir edəcək”.
Qeyd edək ki, ötən gün tərəflər arasında bərpa olunacaq araşdırıcı görüşlər haqda açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu təmasların mövcud problemlərin həllinə təkan verə biləcəyini deyib.