25 Yanvar 2021 13:35
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi digər müstəmləkə tarixlərindən ayrı qiymətləndirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu fransız jurnalist Jan-Mişel Afati “France 5” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, fransız qoşunlarının 1830-cu ildə Əlcəzairin paytaxtını işğal etməsinin səbəbi dəniz quldurları yox, sırf daxili siyasi maraqlarla əlaqədar olub:

“Bu torpaqların işğalı əsnasında Fransa ordusu Avropanı lərzəyə gətirən vəhşilik nümayiş etdirdi. 1854-cü ildə ingilis, alman və fransız qəzetləri Fransa ordusunun müsəlmanlara qarşı münasibətinin barbarlıq həddində olduğunu yazırdılar”.

Afati qeyd edib ki, fransız tarixçisi Aleksis de Tokvill Fransanın Əlcəzairdəki müsəlmanları səfil durumuna saldığını, bir cəmiyyət olaraq onu parçaladığını faktlarla qələmə alıb: “Bir əsr boyunca bütöv bir xalqı öz torpaqlarında öldürdük. Müstəmləkə dövrü işğaldan sonra başladı və fransızlar illərdir bu torpaqlarda yaşayan müsəlmanların torpaqlarını istismar edəcək qanunlar qəbul etdilər”.

Fransız ordusunun Əlcəzairdəki işğala müqavimət göstərənləri kütləvi şəkildə dənizə ataraq misli görünməmiş barbarlığa imza atdığını və Vyetnamda olduğu kimi, dinc insanlara qarşı kimyəvi silahlardan istifadə etdiyini vurğulayan Afati bunun ölkəsi adına böyük utanc olduğunu söyləyib.

Jurnalistin sözlərinə görə, Fransa üçün işğal, müstəmləkəçilik və müharibə bu gün əlcəzairlilərdən üzr istəməsi üçün üç yaxşı səbəbdir: “Fransızların 130 il Əlcəzairdə yol verdiyi davranışlar utandırıcıdır”.

Qeyd edək ki, fransız tarixçisi Bencamin Stora tərəfindən Prezident Emmanuel Makrona təqdim olunan Fransanın müstəmləkə tarixi və Əlcəzair müharibəsi haqqında hesabatı Fransanın burada 17 nüvə və kimyəvi silah sınağı keçirdiyi barədə məlumatları özündə cəmləşdirib.

Fransız mətbuatının Yelisey Sarayındakı mənbələrinə əsaslanan xəbərinə görə, Makron təqdim olunan bütün faktlara və sənədlərə baxmayaraq, Əlcəzairdən üzr istəmək niyyətində deyil. Əlcəzair hökuməti isə keçmiş müstəmləkə işğalı üçün Fransadan üzr gözlədiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər