ABŞ Prezidenti Co Baydenin hakimiyyətinin ilk günlərində İŞİD terror təşkilatı İraq və Suriyadakı fəaliyyətini yenidən gücləndirib.
Teleqraf.com xəbər verir ki, terror təşkilatı ilin əvvəlində İraqın paytaxtı Bağdadda 32 nəfəri öldürüb. Suriyanın Raqqa şəhərindəki hücumlarda 13 nəfəri qətlə yetirib.
İŞİD keçən şənbə günü İraqın Səlahəddin vilayətində Haşd əş-Şaabinin 11 üzvünü öldürmüşdü. Bayden administrasiyasının Amerikanın İraq və Suriyadan geri çəkilməməsi mesajını vermək üçün İŞİD kartından istifadə etməyi planlaşdırdığı iddia edilir.
İki il əvvəl mart ayında bölgənin İŞİD-dən təmizləndiyini açıqlanmışdı. 2017-ci ildə İraqın keçmiş Baş naziri Heydər əl-Abadi İŞİD-ə qarşı müharibənin bitdiyini elan etmişdi. Ancaq İraq və Suriyadakı son terror aktları İŞİD-in hələ də mövcud olduğundan və yenidən özünü göstərməyə başlamasından xəbər verir.
İŞİD-in fəaliyyətinin azaldığı dövrü “strateji qışlama” adlandıran mütəxəssislər təşkilatın bu müddətdə güc topladığını bildirirlər. Kəşfiyyat məlumatlarına görə, Suriya və İraq arasındakı səhra bölgələrində ən azı otuz min İŞİD terrorçusu var. Bölgənin həssas mühitindən istifadə edən təşkilat yenidən silahlanmağa başlayıb.
İddiaya görə, neftdən əldə etdiyi maliyyə resurslarının əhəmiyyətli hissəsini özündə saxlayan İŞİD indi yenidən bundan üzvlərinin sayını artırmaq üçün istifadə edir.
Qeyd edək ki, keçmiş prezident Donald Tramp 2016-cı il seçkilərindən əvvəl etdiyi çıxışlarda sabiq prezident Barak Obamanı İŞİD-i qurmaqda ittiham etmişdi. O, terror təşkilatının həmtəsisçilərindən birinin də keçmiş dövlət katibi Hillari Klinton olduğunu demişdi.