Ötən il noyabrın 8-də Myanmada keçirilən seçkilərin nəticələrinin saxtalaşdırıldığı iddiası ilə fevralın 1-də hakimiyyəti ələ keçirən Silahlı Qüvvələr Feysbuk sosial şəbəkəsini müvəqqəti olaraq bağlamağa qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Myanma Rabitə və İnformasiya Nazirliyi açıqlama verib.
Açıqlamada dövlətə məxsus telekom şirkəti MPT və ölkədəki özəl internet provayderlərinə fevralın 7-dək Feysbuka girişin bağlanması əmri verildiyi bildirilib.
Nazirlik müvafiq qərarın ölkə sabitliyi təmin etmək üçün verildiyini iddia edib: “Hazırda bəzi şəxslər Feysbukda yalan xəbərlər və məlumatlar paylaşaraq ictimaiyyət arasında anlaşılmazlıqlar yaradır”.
Hökumətin təlimatından sonra 23 milyon istifadəçisi olan MPT Feysbuk, İnstaqram və Votsap tətbiqetmələrinin fəaliyyətini qadağan edib.
Feysbuk şirkətinin sözçüsü Endi Ston da saytın Myanmada müvəqqəti olaraq istifadə edilə bilməyəcəyini təsdiqləyib.
Myanmada keçirilən son seçkilərin saxtalaşdırılması iddiasının ortaya atılmasından sonra ölkədə gərginlik artıb. Nümayişlərin kütləvi hal almasından sonra Silahlı Qüvvələrin Baş Qərargahı yanvarın 28-də hakimiyyətə çağırış edərək, seçki manipulyasiyası ilə bağlı iddiaya cavab verməyi tələb edib.
Myanma ordusu fevralın 1-də hakimiyyəti ələ keçirərək, ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Çevrilişin baş tutmasından sonra Prezident Vin Min, Xarici işlər naziri və ölkənin faktiki lideri Aun San Suu Ci və hakim partiyanın - Milli Demokratik Birliyinin liderləri həbs olunub.
Növbəti günlərdə Myanma ordusu partiyanın qərargahına və yerli təşkilat binalarına basqın edərək, kompüterləri və sənədləri ələ keçirib.
Ölkə rəhbərliyini ələ keçirən Baş qərargah rəisi Min Aun Xlayn fövqəladə vəziyyətin bitməsindən sonra demokratik seçkilər keçiriləcəyi vədini verib. Suu Çi isə xalqı çevrilişə etiraz etməyə çağırıb.