İran İnqilabı Keçikçiləri Korpusu ölkənin cənub-qərbində hərbi təlimlərə start verib.
Teleqraf.com-un məlumatına görə, İran dövlət televiziyası ölkənin Quru Qoşunları Qüvvələrinin komandanı Məhəmməd Pakpura istinadən elan edib ki, iriçaplı silahların cəlb edildiyi hərbi təlimlərə “Böyük Peyğəmbər-16” adı verilib.
Quru qoşunlarına tabe olan korpusların qatılacağı təlimlərə dronlar və helikopterlərin dəstək verəcəyini bildirən general Pakpur bəyan edib ki, bu təlimlər Quru Qoşunlarının müharibə və müdafiə təchizatının, əməliyyat gücünün səviyyəsini test etmək məqsədilə həyata keçirilir.
General əlavə edib ki, təlimlərə xüsusi təyinatlılar, komanda qrupları, topçu taborları, zirehli texnika və hava qüvvələri də yer alacaq: “İran İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları şimal-şərq, qərb, cənub-şərq və şərq bölgələrində ciddi təhlükəsizlik problemləri - hər cür qəfil təhdidə qarşı ölkəni müdafiə etməyə hazırdır”.
Məlumat üçün bildirək ki, İran son həftələrdə ard-arda hərbi təlimlər həyata keçirir. İlk olaraq yanvarın 5-də Simnan əyalətində dronların iştirakı ilə hücum əməliyyatı təlimi keçirilib. Yanvarın 13-də Oman dənizi və Hind okeanını əhatə edən Hərbi Dəniz Donanmasına aid hərbi gəmilər, sualtı qayıqlar və raketlərlə manevrlər həyata keçirib.
Yanvarın 15-də İran İnqilab Keşikçiləri Korpusu ölkənin orta bölgəsində yerləşən Kevir çölündə raket və dronlarla birgə təlimlər aparıb. Bu təlimlərdə uzunmüddətli ballistik raketlər test olunub. İran ordusu yanvarın 19-da isə ölkənin cənub şərqində yerləşən Oman dənizinin Mekran sahillərində təlimlər həyata keçirib.