“İranın Avrasiya İqtisadi Birliyinə qoşulmaq arzusuna qarşı ABŞ və Avropanın sanksiya təzyiqlərini gücləndirməsi olduqca məntiqli görünür”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.
Ekspert Vaşinqtonun sanksiyalarının İran iqtisadiyyatında, xüsusilə enerji sektorunda ciddi problemlər yaratdığını söyləyib:
“Ağ Evdəki dəyişikliyin sanksiya məsələsinə müsbət təsir göstərməyəcəyi tamamilə aydındır. Təzyiqlər aradan qaldırılmayacaq. Bu baxımdan, İran qarşılıqlı əlaqələrdən faydalanmaq üçün Avrasiya İqtisadi Birliyinə maraq göstərməyə başlayıb”.
Areşev bundan sonra hər şeyin AİB-nin nizamnamə sənədləri ilə nəzərdə tutulmuş rəsmi prosedurların sürətindən asılı olacağını düşünür.
O, müəyyən fikir ayrılıqları və problemlərə baxmayaraq, birliklə İran arasında qoşulma sazişi haqda sənədin imzalanacağını istisna etməyib.
Qeyd edək ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Moskvadan qayıtdıqdan sonra ölkəsinin AİB-ə qoşulması ilə bağlı danışıqlara başladığını və bu istiqamətdə ilkin işlərin iki həftədən sonra start götürəcəyini bildirmişdi.
Avrasiya İqtisadi Birliyi 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan, Rusiyanın liderliyindəki iqtisadi birlikdir. Birliyə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.