Avropa Birliyi (AB) ilə dərman şirkəti "AstraZeneca" arasında COVID-19-a qarşı hazırlanan vaksinlərin miqdarı və təslim edilməsi məsələsi ətrafında ciddi mübahisələr yaranıb.
Teleqraf.com xəbər verir ki, "AstraZeneca"nın tədarük hədəfinə çatmayacağını nəzərdə tutan xəbərlərin meydana çıxması dərman istehsalçıları tərəfindən təkzib edilib.
Dərman şirkətinin sözçüsü bildirib ki, 2021-ci ilin ikinci yarısında 180 milyon peyvənd Avropa Birliyinə təqdim ediləcək.
AB rəsmilərinə istinadla yayılan xəbərlərdə isə "AstraZeneca" şirkətinin 90 milyon vaksindən daha azının təmin edilə biləcəyi iddia olunub.
Qeyd edək ki, "AstraZenceca" ilə vaksin tədarükünü həyata keçirən AB şirkətləri arasında daha əvvəl də gərginliklər ortaya çıxıb.
Avropa Birliyi yazın sonuna qədər əhalinin 70 faizinin peyvəndlənməsini hədəfləyib. Bu məqsədlə Avropada təsdiq edilən "BioNTech-Pfizer", "Moderna" və "AstraZeneca" vaksinlərindən istifadə edilməsi planlaşdırılır.