Şimali Koreya ABŞ Müdafiə naziri Lloyd Austin və Dövlət katibi Entoni Blinkenin Yaponiya və Cənubi Koreyaya səfərlərinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Ağ Evdə jurnalistlərə telekonfrans vasitəsilə açıqlama verən və adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri Şimali Koreyanın ballistik raket sınağı keçirməsi barədə mediada yer alan xəbərləri təsdiqləyib və rəsmi Pxenyanın bir neçə yaxın mənzilli raket sınaqları keçirdiyini müəyyən etdiklərini elan ediblər.
Bununla belə səlahiyyətlilər qanadlı raket tipli raketlərin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyanı nüvə silahı proqramından çəkindirmək üçün qəbul etdiyi qətnamələrdəki raketlər olmadığını ifadə ediblər.
Amerikalı rəsmilər sözügedən sınaqlarla bağlı əlavə məlumat verməyiblər.
Qeyd edək ki, bu sınaqlar ABŞ Prezidenti Co Baydenin vəzifəsinin icrasına başladıqdan sonra Şimali Koreyanın atdığı ilk raketlər olduğu üçün diqqət çəkir.