Rusiya ilə Ukrayna sərhədlərinə, habelə Ukraynanın işğal edilən ərazilərinə hərbçilərin cəmləşdirilməsi davam edir. İlkin məlumata görə, artıq 200 mindən çox əsgər cəbhə xəttində son qərarı gözləyir.
Teleqraf.com xəbər verir ki, Ukrayna Donbas istiqamətinə 95 min, Rusiya isə 80 min əsgər yerləşdirib. Separatçıların isə 30 minə yaxın qüvvəsi olduğu açıqlanıb.
Dünyanın diqqətinin ayrıldığı Donbasdakı gərginliklə əlaqədar Moskva, Kiyev və NATO-dan açıqlamalar verilməklə paralel olaraq bölgənin yeddi nöqtəsində silahlı qarşıdurmalar baş verib.
ABŞ-ın “The National İnterest” dərgisi müharibə başlayacağı təqdirdə nəticəni 5 silahın müəyyən edəcəyini bildirib. Rusiyanın bölgəyə gətirdiyi S-400 hava müdafiə sistemlərinə diqqət çəkən qəzet analitikləri qeyd ediblər ki, Krımda yerləşdirilən hava müdafiə sistemləri Ukraynanın dərinliklərindəki hərbi bazaları vura bilər. Həmçinin bu sistemlər dronlara qarşı aktiv ola bilərlər.
Mark Episkopos məqaləsində qeyd edib ki, BMP-3M tipli rus zirehli texnikası ilə SU model qırıcılar, 2C19 Msta-S artilleriya və T-90 tankları müharibənin nəticələrini müəyyən edə bilər.
Ehtimal olunur ki, son 2 sutkada silahlı qarşıdurma səbəbindən hər iki tərəfdə ölənlərin sayı 20-dən çoxdur.
Ukrayna üzrə mütəxəssis Onur Duman deyib ki, Moskva Ukraynada türk dronlarının olmasından narahatdır və bunu dilə gətirir, eyni zamanda Kremli Suriya, Liviya kabusunu yaşamaq istəmir. Onun fikrincə, cəbhədə savaş başlasa tank və dronlar müəyyənedici ünsürlər olacaq.
Rusiya Krımdan başlayaraq həssas xətlərə SU model təyyarələr, hava endirmə qüvvələri və ağır silahlar toplayıb. Moskvanın digər strategiyası Donbas bölgəsinə orta və uzun mənzilli raketlərdən ibarət hava müdafiə sistemləri yerləşdirmək addımı olub.
ABŞ Ukrayna ordusunun arsenalına Odessa bölgəsinə göndərdyi zirehli avtomobillərlə dəstək verib. İngiltərə isə Ukraynaya yeni sahil təhlükəsizlik qayıqları göndərib. ABŞ-ın C-130 yükdaşıyan təyyarələrinin Ukrayna istiqamətində uçmaları isə son günlər diqqəti cəlb edib.