ABŞ Konqresi Nümayəndələr Palatasının bir qrup üzvü Prezident Co Baydenin aprelin 24-də qondarma erməni soyqırımını tanımağa çağıran imzatoplama kampaniyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, açıq məktubla çıxış edən palata üzvləri Baydendən aprelin 24-dəki çıxışında “erməni soyqırımı” ifadəsini işlətməyə çağırıblar.
Konqresmenlər məktublarında Baydenə qədər olan bütün ABŞ prezidentlərinin bu məsələyə münasibətdə susqunluq nümayiş etdiriklərini yazıblar:
“Sizdən 24 aprel bəyanatınızda erməni soyqırımını (qondarma – red.) aydın və birbaşa tanımağınızı xahiş edirik. Senatda təmsil olunduğunuz və vitse-prezident kimi işlədiyiniz dönəmdə bundan açıq şəkildə danışdığınızı bilirik”.
Konqresmenlər ABŞ hökumətinin susqunluğunu “biabırçılıq” adlandırıblar.
Qeyd edək ki, mart ayında 38 senator Baydeni “erməni soyqırımı”nı tanımağa çağırıb.
2019-cu ildə ABŞ Konqresinin hər iki palatası ermənilərin bu qondarma iddiasını tanısa da, dönəmin prezidenti Donald Tramp sözügedən qanun layihəsini imzalamaqdan imtina etmişdi.