İyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı mayın 11-də başlayacaq və dörd gün davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi yanındakı seçki qərargahı açıqlama verib.
Bildirilib ki, əhalisi 2 milyondan çox olan şəhərlərin merləri və vilayət rəhbərləri, Azadi və Qum universitetlərinin rektorları, silahlı qüvvələrin ali rütbəli şəxsləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Təhlükəsizlik Şurasının üzvləri namizəd kimi seçkilərdə iştirak edə bilərlər. Prezident seçkiləri haqqında qanuna edilən dəyişikliyə əsasən namizədliyini irəli sürənlərin yaşları 40-dan aşağı 75-dən yuxarı olmamalıdır.
Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.
Qeyd edək ki, iyunun 18-də prezident seçkiləri ilə yanaşı, şəhər və kənd bələdiyyə şuralarına da seçkilər keçiriləcək.