18 May 2021 12:43
4 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur dəhlizi son deyil, başlanğıcdır. Bundan sonra Laçın-Gorus-Zəngəzur-Şahbuz dəhlizi də ola bilər”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə jurnalist Elçin Alıoğlu çıxış edib.

Jurnalist bölgədəki son duruma diqqət çəkib:

“Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra Türkiyə sülhməramlılarının Qarabağa yeridilməsi gözlənilirdi. Türk mehmetçiklər gəldilər, amma sadəcə, Ağdamdakı Birgə Monitorinq Mərkəzinə. Bunun da səbəbi çox sadədir.

Üçtərəfli bəyanatın 9-cu bəndini xatırlamaq lazımdır: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Bu bənd, yəni Mehri dəmiryol dəhlizi və avtomobil yolu layihəsi bilavasitə, birbaşa və eksklüziv olaraq rəsmi Bakının təşəbbüsü idi. Bəyanat imzalanmazdan əvvəl Bakı niyyətini Ankaraya dedi, Ankara təhlil apardı, razılaşdı. Özü də böyük həvəslə. Məncə, səbəb aydındır. Həmin günlərdə həmin layihədən Moskvanın xəbəri yox idi”.

İrəvana gəldikdə, Elçin Alıoğlu qeyd edib ki, Ermənistanın mövqeyi nə Azərbaycanı, nə də Türkiyəni əsla maraqlandırırdı:

“Bundan sonra Bakı həmin nəqliyyat dəhlizi layihəsini Moskvaya təqdim etdi və bildirdi ki, Zəngəzur (və ya Mehri) dəhlizi faktiki baxımdan Laçın dəhlizinin inikasıdır. Daha sadə desəm, şərt səsləndirildi: “Laçın dəhlizi olacaqsa, Zəngəzurda da dəhliz olmalıdır”.

Rəsmi Moskva üçün həmin dönəmdə ən önəmli məsələ sülhməramlı kontingentini Qarabağa yeritmək və ”Qarabağ münaqişəsinin nizamlanmasında həlledici aktor-vasitəçi” statusunu qazanmaq olduğundan sonradan üçtərəfli bəyanatın 9-cu bəndinə çevriləcək layihəyə ciddi fikir vermədi. Moskva düşündü, Bakı və Ankara ilə ciddi, müfəssəl müzakirələr başlandı. Lakin Rusiya anladı ki, Zəngəzur dəhlizi əslində onun bir sıra geosiyasi, geostrateji və iqtisadi maraqlarına tam cavab verir.

Nəticədə Ankara və Moskva anlaşdılar. Hadisələrin sonrakı gedişatında Rusiya Prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında “Ərdoğan sözünün sahibi olan insandır. Dedisə, edir!” dedi. Rusiya Qarabağda sülhməramlı missiya ilə bağlı “tək aktyor” statusu əldə etdi, əvəzində Azərbaycanla Türkiyə Zəngəzur dəhlizi layihəsini Moskva ilə razılaşdırdılar. Ermənistanın mövqeyi kimsəni maraqlandırmadığından İrəvanla müzakirələr aparılmadı”.

Zəngəzur dəhlizinin açılıb-açılmayacağı məsələsində gəldikdə, jurnalistin sözlərinə görə, Ermənistanın hakimiyyət mənsublarının, siyasətçilərinin, müxalifət liderlərinin, ekspertlərinin, ələlxüsus də ermənilərin Teleqram kanallarının “açıqlama”ları müzakirə olunur:

“Bunların mənası yoxdur, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi olacaq. Çünki Azərbaycan, Türkiyə və Rusiya bunu istəyir. Rusiya yaxşı anlayır ki, dəhliz layihəsi ilə bağlı vədlərinə əməl etməsə, türk mehmetçiklər mütləq şəkildə Xankəndi küçələrində olacaqlar - Bakının dəvəti ilə, sülhyaratma missiyası ilə.

Amma Putinlə Ərdoğan situasiyanı gərginləşdirən deyil: Zəngəzur dəhlizini dəstəkləmək Rusiya üçün Qarabağda vəziyyəti ifrat gərginləşdirməkdən daha sərfəlidir. Ermənilərin dediklərinə və yazdıqlarına fikir vermək lazım deyil. Məsələni ermənilər yox, Bakı, Ankara və Moskva həll edir. İrəvan ümumiyyətlə nəzərə alınmır, alınan da deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər