“Meşə yanğınları Türkiyəyə mənəvi, iqtisadi və siyasi zərbələr vurmaq üçün hazırlanmış oyunun tərkib hissəsidir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Ekspert Türkiyənin turizm bölgələrində baş verən meşə yanğınlarına münasibət bildirib:
“Artıq Türkiyədə baş verənlərə görə həbs olunanlar var. Eyni vaxtda bir neçə bölgədə yanğın baş verməsi təsadüfi ola bilməz. Bu, Türkiyənin son zamanlarda həm Afrika, həm Yaxın Şərq, həm də Cənubi Qafqazda göstərdiyi fəallıqla əlaqədardır. Türkiyəni gözü götürməyən qüvvələr var.
İkincisi, bu, Türkiyə lideri Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yönündə apardığı işlərlə bağlıdır.
Üçüncüsü, Qarabağdakı 44 günlük müharibədən sonra Türkiyənin Turan ideyasını yenidən diriltməsi məsələsi gündəmdədir. Bunu da nəzərdən qaçırmaq olmaz.
Uzun müddət Türkiyə daxilində susqun qalmış PKK-nın fəaliyyətinə də diqqət etmək lazımdır. Çünki PKK-nı ASALA yaradıb. ASALA Qarabağda uduzdu. İndi də bunun əvəzini çıxmaq üçün PKK-nın əliylə Türkiyədə yanğınlar törədə bilərlər. Bu günlərdə qardaş Türkiyənin əsgərləri İraqın şimalında şəhid oldular. Türkiyənin şəhidləri həm də bizim şəhidlərimizdir. Yəni, belə bir şəraitdə Türkiyədəki yanğınları Azərbaycanda baş vermiş kimi qəbul etmək lazımdır”.
Cümşüd Nuriyev Türkiyədə baş verənlərə ilk reaksiya göstərən ölkənin Azərbaycan olduğunu söyləyib:
“Azərbaycan dövləti baş verənlərə dərhal reaksiya göstərdi. Bizdəki “milli ermənilər” hay-küy saldılar ki, Azərbaycan hansısa münasibət göstərmir. Halbuki Azərbaycan əvvəlcədən həm prezident, həm də xarici işlər naziri səviyyəsində müraciət etdi. Fövqəladə Hallar Nazirliyi səviyyəsində də belə bir müraciət olunub. Amma qardaş Türkiyə hələlik buna ehtiyac görmür, problemləri öz gücüylə həll etməyə çalışır.
Artıq demək olar ki, yanğınların əksəriyyəti söndürülüb. Dünəndən yanğın Egey bölgəsinə keçib. Təəssüf ki, bizim burada itkilərimiz də var. Azərbaycan dövləti də başsağlığı verdi. Biz də qardaş Türkiyədə həyatını itirənlərin ailələrinə başsağlığı veririk, Allahdan onlara hüzur diləyirik. Tezliklə bu yanğınların qarşısının alınmasını istəyirik.
Baş verənlərin siyasi yükünə gəldikdə, bu, birmənalı şəkildə Türkiyə və onun lideri Ərdoğanın siyasi fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, bunun arxasında Ermənistan və onu dəstəkləyən qüvvələr var. Təsadüfi deyil ki, yanğınların başlaması turistlərin Türkiyəyə gəlməsi ilə eyni vaxtda düşdü. Türkiyə pandemiyadan sonra xarici turistləri qəbul etməyə başladı.
İndi də Türkiyənin məhz turizm bölgələrindəki meşələrin yandırılması təsadüfi ola bilməz. Yanğınların baş verdiyi Bodrum və Antaliya dünyanın hər yerindən gələn turistləri özünə çəkən əsas şəhərlərdir. Maraqlıdır ki, yanğınlar eyni temperaturda olan digər bölgələrdə yox, məhz bu ərazilərdə baş verir. Yəni, bunu Türkiyəyə mənəvi, iqtisadi və siyasi zərbələr vurmaq üçün hazırlanmış oyunun tərkib hissəsi kimi dəyərləndirirəm”.