Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” döyüş təyyarələri NATO-nun “Hava polisi” missiyası çərçivəsində Polşanın Malbork şəhərindəki 22-ci Hava Bazası Komandanlığında xidmətdədir.
Teleqraf.com xəbər verir ki, türk “F-16”-larının Polşadakı missiyası ilə bağlı mətbuat konfransı keçirilib.
Malborkdakı türk qüvvələrinin komandanı Ahmet Çandır Polşada NATO-nun şimal sərhədlərini qorumaq vəzifəsini yerinə yetirdiklərini söyləyib.
“Əsas məqsədimiz, ölkəmizdə qazandığımız təcrübəni həm NATO müttəfiqləri, həm də Polşa ilə bölüşmək və ən yaxşı şəkildə tətbiq etməkdir. Burada təxminən 80 personalımız və 4 təyyarəmiz var. NATO təyyarələrini 3 qırıcı ilə dəstəkləyirik”, - türk polkovnik vurğulayıb.
Çandır NATO-nun “Hava polisi” missiyası haqda da məlumat verib və deyib ki, burada məqsəd NATO-nun hava sahəsini müdafiə etməkdir.
Qeyd edək ki, Polşa hökuməti bundan əvvəl Şərqi Avropada Rusiya təhlükəsinin artdığını əsas gətirərək, NATO və ABŞ-dan ölkədəki hərbi qüvvələrinin sayını artırmağını istəmişdi. Varşava, eyni zamanda Türkiyədən pilotsuz uçan aparatlar aldığını açıqlayıb.