Sudan və Efiopiya sərhədindəki Tekeza çayında onlarla cəsədin tapılmasından sonra rəsmi Efiopiyanın Xartumdakı səfiri Yibeltal Ameronu Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, Sudan Xarici İşlər Nazirliyi 26 iyul - 8 avqust tarixləri arasında çayın Sudan tərəfində 29 cəsədin tapıldığını açıqlayıb.
Açıqlamada Ameronun nazirliyə çağırıldığı, Sudanda Setit və Efiopiyada Tekeza adlandırılan çayda tapılan cəsədlər haqda məlumat verildiyi bildirilib.
Çayda tapılan cəsədlərin Efiopiyanın şimalında yaşayan və mərkəzi hökumətlə silahlı mübarizə aparan “Tiqray” etnik qruplaşmasına aid olduğu deyilib.
Keçən ay Tekeze çayında onlarla cəsədin tapılması xəbəri gündəmə gəlib. Efiopiya hökuməti isə mövzu ilə bağlı açıqlama verməyib.
Şimali Tiqray əyalətində hökumət qüvvələri ilə Tiqray Xalq Qurtuluş Cəbhəsi (TPLF) arasındakı qarşıdurma qonşu dövlətlərə yayıldıqdan sonra bölgədə humanitar böhran yaranıb. Təxminən 2 milyon insan münaqişə nəticəsində didərgin düşüb və 5 milyondan çox insanın təcili yardıma ehtiyacı var.
Efiopiya ordusu 2020-ci ilin noyabrında qiyamçılara qarşı başladılan əməliyyatlarda qismən uğur əldə etsə də, humanitar böhranı əsas gətirərək iyunun 28-də Tiqrayın mərkəzi şəhəri Mekelledən çəkilib.
Təktərəfli atəşkəs elan edən hökumət TPLF-nin şimalda sürətlə irəliləməsindən sonra əks hücuma keçib.