ABŞ, İngiltərə və Avstraliya arasında təhlükəsizlik anlaşması (AUKUS) Qərb ölkələri arasında gərginliyi artırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu anlaşma ilə pis vəziyyətdə qalan Paris vəziyyəti həzm etmək istəməzə də, artıq məsələ həll edilmiş sayılır.
Buna rəğmən AUKUS-a görə Qərb ölkələri arasında parçalanma açıq görünməyə başlayıb.
Avropa Birliyinin (AB) xarici əlaqələr üzrə ali nümayəndəsi Cozef Borrel bu çəkişmədə açıq formada Fransanı dəstəklədiyini ortaya qoyub.
Çinin yüksələn güc mərkəzinə çevrildiyi Hind-Sakit okean bölgəsində sabitlik və sülhə çatmaq üçün daha çox əməkdaşlıq, koordinasiya və az bölünməyə ehtiyac olduğunu dilə gətirən Borrel son hadisələrə görə Fransanın yanında olduğunu bəyan edib: “Razılaşmanın pozulması bizim üçün sürpriz olub”.
Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel də ABŞ hakimiyyətini vəfasızlıqda ittiham edib: “AB, İngiltərə və Avstraliyanın bu addımını anlamaqda çətinlik çəkirəm. Bayen hakimiyyətə gələndə mesaj verdilər ki, “Bayden iqtidarı ilə birlikdə ABŞ geri döndü”. Amma indi bizim suallarımız var. ABŞ geri qayıtdı nə deməkdir? Amerika Amerikayamı, yoxsa başqa bir yerəmi qayıtdı? Bilmirik. Əgər Vaşinqtonun əsl hədəfi Çindirsə, bu halda Avstraliya və İngiltərə ilə ayrı qrup yaratması çox qəribə qərardır, çünki bu, Transatlantik İttifaqını zəiflədir”.
Mişel əlavə edib ki, müttəfiqlər üçün təməl şəffaflıq və etimaddır: “Və bunlar bir arada olur. Biz nə görürük? Net olaraq şəffaflıq və sədaqət çatışmazlığı”.