NATO-nun beş gəmidən ibarət ikinci daimi mina əməliyyat qrupu (SNMCMG2) Gürcüstanın ərazi sularına daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə gürcü mətbuatı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub. NATO-nun İkinci Daimi Minalardan Təmizləmə Qrupunun (SNMCMG2) gəmilərinə Daxili İşlər Nazirliyi Sərhəd Polisinin Sahil Mühafizəsi İdarəsi ev sahibliyi edir. Qrupa İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyədən gələn gəmilər daxildir. Bölməyə 1 -ci dərəcəli Kapitan Javier Nunez de Prado rəhbərlik edir”,- məlumatda qeyd olunur.
Gürcüstan və NATO sahil təhlükəsizlik gəmilərinin iştirakı ilə təlimlər Qara dənizdə keçiriləcək. Manevrlərin məqsədi uyğunluğu artırmaq və ölkənin müdafiəsini gücləndirməkdir.
Batumi limanında NATO mina əməliyyat qrupunun şəxsi heyəti gürcü rəsmiləri tərəfindən qarşılanıb.