Türkiyənin müdafiə sənayesi xarici asılılığını azaltmaq üçün atdığı addımlarla inkişafını davam etdirir.
Teleqraf.com xəbər verir ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin nəzdində qurulan Türk Aerokosmik Sənayesi (TUSAŞ) milli döyüş təyyarəsinin ilk hissəsini istehsal edib.
TUSAŞ-ın baş direktoru Təməl Kotil mövzu ilə bağlı açıqlama verib.
“Milli döyüş təyyarəmizin ilk hissəsini istehsal etdik. Ölkəmizin varlığı layihəsi üçün atdığımız hər addım bizim üçün çox mənalı və dəyərlidir. Həvəslə və səylə çalışaraq eyni yolda getdiyimiz bütün dostlarıma təşəkkür edirəm”, - Kotil deyib.
Türk Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün başladılan Milli Döyüş Təyyarəsi (MMU) Layihəsi ilə Hərbi Hava Qüvvələrinin inventarında olan “F-16” təyyarələrini əvəz edəcək qırıcılar yerli imkanlar hesabına istehsal ediləcək. Bundan sonra 2030-cu illərdən etibarən inventardakı indiki döyüş təyyarələrinin çıxarılmasına və ya əvəz olunmasına başlanılacaq.
Türkiyənin yeni döyüş təyyarəsi öz sinfində olan digər 5-ci nəsil qırıcılarının imkanlarını özündə ehtiva edəcək. Bunun nəticəsində Türkiyə ABŞ, Rusiya və Çindən sonra 5-ci nəsil döyüş təyyarəsi istehsal edəcək infrastruktura və texnologiyaya malik ölkələr sırasında olacaq.
İlk təyyarə 2023-cü ildə anqardan çıxarılacaq, 2026-cı ildə ilk uçuşunu həyata keçirəcək, 2030-cu ildən etibarən inventarda yer alacaq.