ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi SDQ/YPG terror təşkilatının lideri Fərhad Abdi Şahinin Amerikanın Türkiyə tərəfinin mümkün əməliyyatlarına qarşı onlara zəmanət verdiyi iddiasına cavab olaraq açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Kirbi bu haqda ilk dəfə eşitdiyini və Pentaqonla heç bir əlaqəsinin olmadığını söyləyib.
Kirbi SDQ/YPG ilə ortaqlığın davam edəcəyini bildirib.
“Bilirəm ki, bunu deməyimdən bezmisiniz, amma məncə, bunu bir daha söyləmək vacibdir. Suriyada SDQ ilə tərəfdaşlığımız yalnız İŞİD-lə mübarizəyə əsaslanır. Bu əməkdaşlıq davam edir, çünki İŞİD təhlükəsi hələ də aradan qalxmayıb”, - Kirbi qeyd edib.
Jurnalist Kirbiyə belə bir sual da ünvanlayıb: “Abdi Şahin nəzarətləri altında olan əraziləri idarə edərkən PKK lideri Abdullah Öcalanın ideologiyasından ilham alqlarını da bildirib. ABŞ-ın yüksək səviyyəli hərbi yetkililəri terror təşkilatının ideologiyasından ilham aldığını deyən bir adamın əlini necə sıxa bilər? Bu, nazirlik üçün problem yaratmır?”
Pentaqon sözçüsü cavab verib ki, görmədiyi müsahibəyə münasibət bildirə bilməz.
Bundan əvvəl “Al-Monitor-a müsahibə verən SDQ/YPG lideri ABŞ-ın Türkiyənin Suriya əməliyyatına qarşı onlara rəsmi zəmanət verdiyini söyləyib.