Teleqraf.com-un məlumatına görə, dünən on minlərlə müsəlman Əl-Əqsa məscidində cümə namazı qılıb. İsrail höküməti bir neçə həftə bundan əvvəl tətbiq olunan yaş məhdudiyyətini aradan qaldıraraq Əl-Əqsa məscidinə bütün müsəlmanların girişinə icazə verib.
Rəsmi Tel-Əviv bu addımı Ommanda ABŞ dövlət katibi Con Kerrinin İsrail və Fələstin rəhbərləri, həmçinin formal olaraq Əl-Əqsa məscidlər kompleksinin hamisi sayılan İordaniya kralı ilə danışıqlarından sonra atıb. Görüşün nəticəsi olaraq tərəflər gərginliyin azaldılması istiqamətində konkret addımlar atmaq qərarına gəliblər.
Yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü məsciddə və qədim şəhərin darvazaları önündə heç bir insident qeydə alınmayıb.
Bununla belə, İordan çayının qərb sahilində, xüsusən də bir neçə gün bundan əvvəl fələstinli gəncin İsrail hərbçiləri tərəfindən qətlə yetirildiyi Hevron şəhərində gərginlik hökm sürür. Burada tərəflər arasında toqquşmaların davam etdiyi bildirilir.