4 Dekabr 2021 15:43
2 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibanın sözçüsü Zəbihullah Mücahid hərəkat lideri Heybətullah Axundzadənin qadınlar üçün nikah və mirasla bağlı verdiyi 6 bəndlik sərəncamını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamın birinci maddəsində yetkinlik yaşına çatmış qızların nikaha razılığının “zəruri” olduğu və heç kimin qadınları nikaha daxil etməyə məcbur edə bilməyəcəyi vurğulanıb.

İkinci maddədə isə qadının heç kimin şəxsi mülkü olmadığı, alicənab və azad insan olduğu bildirilib. Həmçinin qeyd olunub ki, heç kim onları barışıq üçün başqasına verə bilməz.

Əfqanıstanda bəzi qəbilələr aralarındakı qan davasına və ya düşmənçiliyə son qoymaq üçün ailədəki qadınlar vasitəsilə düşmən ailə ilə evlilik bağı qura bilirlər.

Üçüncü maddədə ərin ölümündən sonra (4 ay 10 gün və ya hamiləlikdən sonra) ərin qardaşı və ya digər qohumunun “dul qadını” zorla nikaha daxil edə bilməyəcəyi bildirilib. Qadının evlənib-evlənməyəcəyinə dair qərar vermək hüququna malik olduğu deyilib.

Dördüncü maddədə qeyd olunub ki, yeni ərdən nikah təzminatı almaq dul qadının razılığına buraxılır.

Beşinci maddədə qadının vəfat etmiş ərindən, övladlarından, atasından və ya digər qohumlarından vərəsəlik hüququna malik olması və ya şərikli əmlaka sahib olması vurğulanıb: “Onu bu hüquqdan heç kim məhrum edə bilməz”.

Altıncı maddədə çoxarvadlı kişilərdən arvadlarının hüquqlarını tanımaları və arvadları arasında ayrı-seçkilik etməmələri istənilib.

Axundzadə sərəncamda müəyyən edilmiş və dini çərçivədə olduğu bildirilən müxtəlif hüquqların tam şəkildə həyata keçirilməsi üçün dövlət orqanlarına, ruhanilərə və tayfa başçılarına lazımi addımların atılmasını tapşırıb.

Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda qadınların işləməsi, qızların isə məktəbə getməsi məhdudlaşdırılıb.

Beynəlxalq ictimaiyyət qadınların işləmək və təhsil hüququna qoyulan məhdudiyyətləri gündəmə gətirsə də, Taliban lideri Axundzadə öz sərəncamında bu məsələyə toxunmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər