Rusiyada keçirilən rəy sorğusu 1991-ci ildə dağılan Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yeni nəsil tərəfindən unudulmağa başladığını üzə çıxarıb.
Teleqraf.com xəbər verir ki, Rusiya cəmiyyətinin təxminən 20 faizi SSRİ abbreviaturasının nə demək olduğunu bilmir.
Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) keçirdiyi sorğuda 600 min insan iştirak edib.
Respondentlərin 11 faizi SSRİ abbreviaturasının mənasını bilmədiklərini etiraf etdiyi halda, 8 faizi “bildiyini”, lakin səhv xatırladığını deyib. Bunu söyləyənlər isə 18-24 yaş arasında olan respondentlər olub.
Digər tərəfdən araşdırmada rusların Sovet İttifaqını təşkil edən 15 respublika haqqında bilikləri də yoxlanılıb. Respondentlərin yalnız 6 faizi 15 respublikanın hamısını saya bilib. Yaşı 35-dən aşağı olanların təxminən yarısı və bütün respondentlərin 27 faizi heç bir respublikanın adını çəkə bilməyib.
Bununla belə, iştirakçılar SSRİ haqqında müsbət fikir bildiriblər. Müvafiq suallara cavab verən respondentlərin 21 faizi SSRİ-ni “sabitlik, sülh və daha parlaq gələcəyə ümid” adlandırıb. Belə fikir bildirənlər yaşı 45-dən yuxarı, ali təhsilli vətəndaşlar olub.
Digər 13 faiz isə SSRİ-nin “müsbət emosiyalar və xoş xatirələr” doğurduğunu bildirib. Beş faiz isə SSRİ haqda mənfi fikir irəli sürüb, buna “aclıq və uzun növbələri” misal göstərib.
Bundan əlavə, respondentlərin yalnız 1 faizi SSRİ-ni “zülm, terrorizm və Qulaq düşərgələri” ilə əlaqələndirib.