Rusiya baş qərargah rəisi general Valeri Gerasimov ölkəsinin Ukraynaya hücuma hazırlaşması barədə iddiaları təkzib edib.
Teleqraf.com xəbər verir ki, Gerasimov Moskvada xarici dövlətlərin hərbi attaşelərinin iştirak etdiyi brifinqdə gündəmlə bağlı açıqlamalar verib.
Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı iddiaya münasibət bildirən baş qərargah rəisi deyib:
“NATO ölkələri Rusiya qoşunlarının ölkəmizdəki fəallığına həddindən artıq önəm verir. Təlim zamanı hərbi hissələrin yerdəyişməsi hər hansı bir dövlətin silahlı qüvvələri üçün adi təcrübədir. Hərbi fəaliyyət bizim suveren ərazimizdə həyata keçirilir və bununla bağlı xəbərdarlıq tələb olunmur. Təlim zamanı hərbi hissələrin yerdəyişməsi adi təcrübədir. Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı iddiaları yalandır”.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin Donbas problemini güc yolu ilə həll etmək üçün hər hansı təxribatçı addımının qarşısı alınacaq.
Gerasimov ABŞ-ın Rusiyanın şərq sərhədlərində hərbi varlığını artırdığını söyləyib: “Son zamanlarda Amerikanın strateji hava qüvvələrinin ölkəmizin şərq sərhədləri yaxınlığındakı uçuşlarının sayında ciddi artım var. Bizim hava hücumundan müdafiə sistemlərimiz bu cür hədəfləri vaxtında aşkar edir və insidentlərin qarşısını alır”.