Kremlin sözçüsü Dmitri Peskov Türkiyə və Yunanıstanı müqayisə edərək Prezident Ərdoğan haqqında açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, Peskov “Antena” TV-yə verdiyi müsahibəsində deyib ki, Rusiya Yunanıstanla olan iqtisadi əməkdaşlığını genişləndirmək istəyir.
“Yunanıstan iqtisadiyyatına sərmayə qoymaq istəyən bir çox rus şirkəti var. Türkiyədə nəhəng, hətta meqa layihələr həyata keçiririk. Əlbəttə, Yunanıstanda hər layihəyə icazə verilmir. Məsələn, biz Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasını tikdik, amma təəssüf ki, Yunanıstanda nüvə enerjisi qadağandır”, - Peskov bildirib.
Peskov Türkiyə Prezidenti Ərdoğan haqqında fikirlərini də açıqlayıb: “Prezident Ərdoğanın qərar verici roluna hörmət edirik. Ərdoğan prezident Putinin təqdir edəcəyi liderlərdəndir”.
Türkiyə ilə Rusiya arasında bir çox mövzuda fikir ayrılıqlarına gəlincə, Peskov bunu təbii qarşılayıb: “Amma iki ölkənin liderləri nə vaxt bir araya gəlsələr, 5, 6, 7 saat oturub müzakirə aparırlar və razılığa gəlmədən medianın qarşısına çıxmırlar. Həmişə də bunu bacarırlar”.
Peskov Türkiyə ilə Yunanıstan arasındakı gərginlikdə vasitəçi mövqe tutmaq istəyə biləcəklərini ifadə edərkən deyib ki, hər iki tərəfi sakit olmağa və bu məsələni həll etməyə hazır olmağa çağırırlar.