“Moskva və Ankara Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlini təşkil edənlərin qurduqları tələyə düşmədi, onlar iki ölkənin dostluğunu poza bilmədilər”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Novosti”yə müsahibəsində rusiyalı diplomatın ölümünün beşinci ildönümü ilə əlaqədar suala cavabında deyib.
“Səfir Andrey Karlovun məkrli sui-qəsd nəticəsində ölümündən beş il keçir. Səfir Karlova hücum Türkiyə-Rusiya dostluğuna hücum idi. Amma Türkiyə və Rusiya bu tələyə düşmədilər. Buna görə də Türkiyə-Rusiya dostluğuna xələl gətirmək istəyənlər məyus oldular”, - deyən Çavuşoğlu Karlova hücumu “terror aktı” adlandırıb.
Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada Rusiya ilə bağlı fotosərginin açılışı zamanı güllələnib. Hücumu polis məmuru Mövlud Mert Altıntaş həyata keçirib. O, hadisə yerində zərərsizləşdirilib.