13 Yanvar 2022 13:51
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi 10 mindən çox hərbçinin iştirakı ilə Ukrayna ilə sərhəd yaxınlığında hərbi təlimə başladıqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsindən verilən yazılı açıqlamada Qara dəniz və Xəzər donanmasının hərbi hissələrinin, eləcə də motoatıcı batalyonların cənubundakı bir çox təlim məntəqələrində təlimlərə qatıldığı bildirilib.

10 mindən çox hərbçinin iştirakı ilə Volqoqrad, Həştərxan, Stavropol, Rostov və Krasnodar bölgələrində təlimlər keçiriləcək. Taktiki qruplar müxtəlif kəşfiyyat və əməliyyatlar çərçivəsində yeni taktiki əməliyyat üsulları peşəkarlığını artıracaq, hərbi artilleriya batareyalarına qarşı mübarizə, aviasiya və snayperlik də daxil olmaqla hücum sistemləri üzrə ixtisaslaşacaq.

Qeyd edək ki, dünən Rusiya ilə NATO rəsmiləri arasında Brüsseldə görüş keçirilib. Danışıqlarda hər hansı razılaşma əldə olunmayıb. Rusiyanın Ukrayna sərhədləri yaxınlığında təlimlərə başlaması uğursuz Brüssel görüşündən sonra təsadüf etməsi xüsusi diqqət çəkir.


Müəllif: Nemət