Qazaxıstanda yanvarın əvvəllərində baş verən etirazlar zamanı Rusiya vətəndaşı da həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstanakı səfirliyi məlumat yayıb.
“Rusiyanın Almatidakı Baş Konsulluğuna məlumat daxil olub ki, Qazaxıstanın cənubundakı Taraz şəhərində yanvarın 6-da baş verən etirazlar zamanı Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü M.V.Kim ölüb. Cinayət xanım Kim iş yerini tərk edərkən törədilib”, - səfirliyin məlumatında qeyd edilir.
Rusiyanın Qazaxıstandakı diplomatları mərhumun anası, qohumları və dostları ilə əlaqə saxladığını açıqlayıb.
Konsulluq əlavə edib ki, mərhumun ailəsinə maddi yardımın göstərilməsi məsələsi üzərində işləyir.
Rusiyanın Qazaxıstandakı səfirliyi bu cinayətin hərtərəfli araşdırılması ilə bağlı Qazaxıstanın hüquq-mühafizə orqanlarına sorğu göndərib.