ABŞ Apellyasiya Məhkəməsi meksikalı narkobaron, “El Çapo” ləqəbli Joaquin Quzmanı narkotik maddələrin qanunsuz dövriyyəsinə görə verilən ömürlük həbs cəzası barədə şikayəti rədd edib və qərarı qüvvədə saxlayıb.
Teleqraf.com xəbər verir ki, Apellyasiya Məhkəməsinin münsiflər heyəti “El Çapo” ləqəbli meksikalı narkobaronun ABŞ hökumətini hədəf almasını əsas gətirərək şikayətini rədd edib.
Bununla da dünyanın bir nömrəli narkoborunu ömürlük ABŞ həbsxanasında cəzasını çəkməli olacaq.
Xatırladaq ki, “Sinaloa” mafiyasının keçmiş lideri Quzman 2019-cu ilin fevralında milyardlarla dollarlıq narkotik alverində və bir çox insanın qətlində təqsirli bilinərək ABŞ məhkəməsi tərəfindən ömürlük həbsə və 12,7 milyard dollar cəriməyə məhkum edilib. Bununla belə, “El Çapo”nun vəkilləri ötən ilin noyabrında qərardan apellyasiya şikayəti verəcəklərini bildirmişdilər. Onun vəkilləri əsas kimi “El Çapo”nun qaldığı həbsxanada şəraitin yararsız olması səbəbindən adekvat müdafiənin hazırlana bilməməsini, məhkəmədəki bəzi hakimlərin qaydanı pozmasını və mediada işlə bağlı xəbərlərin təsirinə düşməsini əsas göstəriblər.
Meksikada iki dəfə həbsxanadan qaçaraq məşhurlaşan “El Çapo” sonuncu dəfə 2017-ci ildə Meksika tərəfindən ABŞ-a təhvil verilib. “El Çapo” hazırda ABŞ-ın Kolorado ştatının ən təhlükəsiz həbsxanası olan SuperMax kimi tanınan həbsxanada saxlanılır.
Qeyd edilir ki, “El Çapo” həbs edilənə qədər dünyanın ən çox narkotik maddəsini satan, hətta Meksikadan ABŞ-a keçirən qorxulu cinayətkarlar siyahısında ilk yerdə olub.