Rusiya əhalisi Sovet İttifaqının dağılmasından sonra ilk dəfə ötən il 1 milyon 40 min nəfər azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xidməti (Rosstat) məlumat yayıb.
Bildirilir ki, ölkədə ölüm nisbəti 2021-ci ildə əvvəlki ilə müqayisədə 15,1% artıb, 2 milyon 440 min nəfər ölüb. Doğulanların sayı 2,3 faiz azalaraq 1 milyon 400 minə çatıb.
Rusiya əhalisi 2021-ci ilin sonuna qədər 145,5 milyon nəfərə qədər azaldığı halda, ölkədə nikahların sayı 2020-ci ilə nisbətən ötən il 923 mindən 770 minə düşüb, boşanmaların sayı isə 564 mindən 644 minə yüksəlib.
Rəsmi rəqəmlərə görə, Rusiyada COVID-19 epidemiyası səbəbindən indiyədək 330 min 111 nəfər ölüb.
Mütəxəssislər xəbərdarlıq edir ki, Rusiyaya mühacir axını da azalıb və bu vəziyyət ölkədə uzun müddət aşağı doğum göstəriciləri ilə birləşərək yeni demoqrafik problemə yol aça bilər.