Bu gündən Belarus və Rusiya ordusunun “Müttəfiqlərin qətiyyəti 2022” hərbi təlimləri başlayır.
Teleqraf.com xəbər verir ki, təlimdə Belarus Silahlı Qüvvələrinin bəzi hərbi hissələri, eləcə də Şərq Hərbi Dairəsindən Rusiya Silahlı Qüvvələrinin hərbi hissələri iştirak edəcək.
Rusiya hərbi təlimlər üçün Belarusa 2 S-400 hava hücumundan müdafiə raket sistemi göndərib. Təlimdə S-400-lərdən əlavə, Pantsir-S hava hücumundan müdafiə raket sistemləri və Rusiyanın 12 Su-35 döyüş təyyarəsi də iştirak edəcək.
Təlimlər Belarus ərazisində yerləşən Obuz-Lesnovskiy, Osipoviçski, Brestskiy, Qojskiy, Domanovskiy poliqonlarında və Baranoviç, Luninets, Lida, Maçulişçi hərbi aviabazalarında keçiriləcək.
2011-ci il Vyana Sənədi çərçivəsində təlimə cəlb olunan personal sayı, silah və texnika sistemləri ilə bağlı parametrlərə görə bildiriş verilmədiyi bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin təlimi yerində izləmək planının olmadığını bildirib. Təlimin böyük bir ortaq manevr olduğuna diqqət çəkən Peskov Rusiya və Belarusa qarşı təhdidlərin həm xarakterinin, həm də şiddətinin əvvəlkindən daha yüksək olduğunu vurğulayıb.
Belarus Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov təlimi yerindəcə izləmək üçün Belarusa gəlib.
Belarus və Rusiya prezidentlərinin qərarlarına uyğun olaraq, təlim yanvar ayında başlayan qoşunların təftişinin son mərhələsidir.
Rusiya ilə NATO arasında gərginliyin davam etdiyi mərhələdə Rusiya və Belarusun NATO və Ukrayna sərhədləri yaxınlığında birgə təlimlər keçirməsi Qərb tərəfindən tənqid edilir. Xüsusilə Baltikyanı ölkələr, Polşa və Ukrayna bu təlimdən öz narazılıqlarını açıq şəkildə bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Belarusa 30 min əsgər və müasir silah göndərdiyini iddia edib.