Yunanıstan parlamentində silahlanma ilə bağlı qanun layihəsinin müzakirə edildiyi iclasda Baş nazir Kiriakos Mitsotakis ilə keçmiş baş nazir Aleksis Çipras Türkiyə üstündə mübahisə edib.
Teleqraf.com xəbər verir ki, yunan parlamentində 22 Fransız "Rafale" tipli döyüş təyyarəsi, 3 “Belharra” tipli freqat və sualtı qayıqlar üçün 44 Almaniya istehsalı torpedanın alınması da daxil olmaqla qanun layihəsinin müzakirə edildiyi iclasda Baş nazir Kiriakos Mitsotakis və ana müxalifətdəki Radikal Sol Koalisiyanın lideri Aleksis Çipras arasında gərginlik yaşanıb.
Mitsotakis “Rafale” qırıcılarının Yunanıstana strateji üstünlük verdiyini iddia edərək Türkiyəyə eyham vursa da, Çipras bildirib ki, baş nazirliyi dövründə heç bir yunan qurumu ona belə bir təyyarə almağı tövsiyə etməyib.
“4,5 il baş nazir oldum. Ölkə strukturlarından “Rafale” qırıcıları almağımızla bağlı heç bir tövsiyə almadım. Alınması razılaşdırılan əlavə 6 təyyarənin dəyəri 1 milyard avrodur. Türkiyə F-35 proqramında yoxdur. Ona görə də daha 6 təyyarə almağımın mənası yoxdur. Həmçinin Türkiyə adaların suverenliyinə şübhə ilə yanaşarkən, Fransadan heç bir səs gəlməyib”,- sabiq baş nazir indiki hökuməti tənqid edərkən deyib.
Baş nazir Mitsotakis çıxışında deyib ki, Ankara adalarla bağlı həqiqətləri çılğın bir şəkildə təhrif edir: “Biriləri eyni zamanda tarixi, coğrafiyanı, beynəlxalq hüququ və beynəlxalq müqavilələri təhrif etmək qərarına gəlib”.
NATO-nu da tənqid edən Mitsotakis Türkiyəni nəzərdə tutub və deyib ki, rus silahlarını alan ittifaq üzvü başqa bir üzvü (Yunanıstanı nəzərdə tutur) təhdid edir: “Artıq NATO-nun bərabər məsafədə dayanması üçün yer yoxdur”.
Sabiq baş nazir Çipras isə Miçotakisə Türkiyənin beynəlxalq arenada təcrid olunmasının inandırıcı olmadığını bildirib: “Hələ də Türkiyənin təcrid olunduğuna inanan varmı? İndiyədək ABŞ prezidenti Co Baydenlə iki dəfə görüşən prezident Ərdoğan bu gün BƏƏ-dədir. İsrail prezidenti Türkiyəyə gedəcək. İspaniyanın baş naziri də qısa müddət əvvəl Ankarada idi”.