2 Mart 2022 20:14
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın “Kathimerini” qəzetinə müsahibə verən Fransa prezidentliyinə namizəd Valeri Pekres Türkiyə əleyhinə skandal açıqlaması ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Pekres Türkiyənin Avropa Birliyində yerinin olmadığını, prezident seçiləcəyi təqdirdə, onun AB-yə üzvlüyünə qarşı addımlar atacağını söyləyib.

“Prezident Ərdoğan hökumətinə verilən hansısa inteqrasiya dəstəyinə etiraz etmək lazımdır. Türkiyə hökumətinin hədə-qorxuları mənə təsir etmir. Türkiyənin AB-yə inteqrasiyasına qarşı çıxacağam. Hazırda Türkiyəyə namizədlikdən əvvəl verilən yardımın dayandırılması üçün çalışacağam”, - siyasətçi deyib.

Pekresin açıqlaması Prezident Rəcəb Tayyib Ərdoğanın AB-yə üzvlüklə bağlı çıxışından sonra gəlib.

Müharibə şəraitində olan Ukraynanın AB-yə üzvlük prosesi ilə bağlı açıqlama verən Ərdoğan Avropa Birliyinə belə reaksiya verib:

“1959-1963-cü illərdən bəri, təəssüf ki, Türkiyə Avropa Birliyinə qəbul edilmədi. Hazırda təbii ki, Ukrayna ilə bağlı bir gündəm var, Ukraynanın Avropa Birliyinə inteqrasiyası prosesi var. Təbii ki, biz “onu Avropa Birliyinə onu alın, bunu almayın” demirik. Biz özümüzdən məsuliyyət daşıyırıq. Ukraynanın Avropa Birliyinə üzvlüyü prosesinin başlamasını təqdir edirik. Bu, gözəl gəlişmədir. Amma Avropa Birliyinin üzvlərinə bunu da deyirəm ki, niyə hələ də Türkiyəni Avropa Birliyinə üzv etməkdən çəkinirsiniz və ya üzv qəbul etmirsiniz? NATO ilə bağlı mövqeyimiz də bəllidir, biz onun genişlənməsinə mane olan ölkə deyilik, əksinə, həmişə NATO-nun genişlənməsinin faydalı olacağı fikrini müdafiə etmişik”.

Qeyd edək ki, Valeri Pekres ötən aylarda Xankəndinə qanunsuz səfəri ilə gündəmə gəlmişdi. Onun Xankəndində erməni separatçıları ilə görüşdüyü bəlli olduqdan sonra Azərbaycan Fransaya rəsmi etiraz etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər